"Bu il Gürcüstanda yüksək iqtisadi artım tendensiyası davam edəcək" - Vaxtanq Tsintsadze

10:07 20.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Avropa Komissiyasının hesabatında Gürcüstanın iqtisadi artımı, düzgün iqtisadi və fiskal siyasəti, həmçinin işsizliyin azaldılması tendensiyaları vurğulanıb”.

Hafta.az-ın yazdığına görə, bu barədə Gürcüstan iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze bildirib.

Nazir müavini Avropa Komissiyasının dərc etdiyi və Avropa İttifaqına namizəd ölkələrin iqtisadi vəziyyətinin də qiymətləndirildiyi Avropa və ümumilikdə dünya üzrə iqtisadi proqnozlara dair hesabatı şərh edib.

“Avropa Komissiyasının dərc etdiyi hesabatda Gürcüstanın 2024-cü ildə çox yüksək – 94 faiz iqtisadi artım əldə etdiyi vurğulanıb. Sənəddə həmçinin Gürcüstanın inflyasiyanı aşağı səviyyədə, hədəf göstəricilərdən aşağıda qoruyub saxlaya bildiyi düzgün iqtisadi və pul siyasətindən də bəhs edilir, həmçinin işsizliyin azalma tendensiyası ilə xarakterizə olunduğu da vurğulanıb. Hesabat həmçinin ölkənin fiskal konsolidasiya istiqamətində atdığı addımları və bu istiqamətdə əldə etdiyi irəliləyişləri də qiymətləndirir”, – Tsintsadze bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyası 2025-ci ildə Gürcüstanda 6 faiz iqtisadi artım gözləyir ki, bu da digər namizəd ölkələrlə müqayisədə iki dəfə yüksəkdir. Nazir müavininə görə, 2024-cü ildə iqtisadi artıma nəzər salsaq, Gürcüstan bu il Aİ-yə namizəd digər ölkələrlə müqayisədə üç dəfə yüksək iqtisadi artım əldə edib.

“Gözləntimiz ondan ibarətdir ki, 2025-26-cı illərdə Gürcüstanda yüksək iqtisadi artım tendensiyası davam edəcək və müxtəlif maliyyə institutları tərəfindən proqnozlaşdırılandan daha yüksək olacaq”, – nazir müavini qeyd edib.